top of page

Yaddaşı necə möhkəmlətməli, İşlək üsullar.

  • Фото автора: Tural Yusifov
    Tural Yusifov
  • 8 февр.
  • 5 мин. чтения


Salam, dostlar! Bu gün sizə, necə nəhəng və daima əlçatan bir yaddaş bankı formalaşdırmağın yollarından danışacağam.


Yaddaşı necə inkişaf etdirmək barədə söhbət açacağam, müxtəlif yaddaş texnikalarından bəhs edəcəyəm və bəzi sirləri bölüşəcəyəm. Onların köməyi ilə istənilən insan, sözün əsl mənasında, dünya yaddaş çempionları səviyyəsinə çata bilər. Ola bilər ki, bir az şişirtdiyimi düşünəsiniz, amma elə deyil.


2017-ci ildə tədqiqatçılar yaddaş üzrə yarışlarda iştirak edən iki onlarla çempionu toplayıb beyinlərini orta səviyyəli insan beynilə müqayisə etdilər. Məlum oldu ki, struktura görə heç bir fərq yoxdur; çempionların boz maddəsi nə mənimkindən, nə də sizinkindən yaxşı deyil. Bununla belə, aramızda bir fərq var: çempionlar informasiya yadda saxlayarkən beyinləri unikal “naxışlar” üzrə işləyir. Beynin müxtəlif hissələri özünəməxsus ardıcıllıqla aktivləşir. Tədqiqatçılar bu fərqi görüb, adi insanları xüsusi metodikalarla məşq etdirməyə başladılar. Hər təlim mərhələsində yeni başlayanların beyinləri getdikcə daha çox çempionların beyinlərinə bənzəyirdi.


Məsələn, qısa müddət sonra sınaq iştirakçıları kontrol qrupları ilə müqayisədə 3-4 dəfə çox söz yadda saxlamağa başladılar. Başqa sözlə desək, əzm və zəhmət gec-tez sizi, məsələn, bir dəqiqədən az vaxtda (17 saniyəyə) 52 kartdan ibarət bir dəstəsini yadda saxlayan Aleks Myulinin səviyyəsinə çatdıra bilər.


Əlbəttə, əgər siz imtahanlara bir həftə qalmış hazırlaşmaq istəyirsinizsə, bu yazı (və ya məsləhətlər) sizə o qədər də kömək etməyəcək. Məşhur misalda deyildiyi kimi, “paltonu yayda hazırlamaq lazımdır”. Elə araşdırmanın özündə də ciddi dəyişikliklərin yalnız 6 həftəlik aktiv məşqdən sonra aşkar olduğu vurğulanır. Odur ki, davamlı, uzunmüddətli işləməyə hazır olun.


Amerikalı həkim Qerri Smoll “Beyni iki həftəyə cavanlaşdırmaq” adlı kitabında yaddaşın passiv şəkildə yaxşılaşdırılması üçün ilk metodikamızı təqdim edir. Bu metod “dörd detal” adlanır. Küçədə gəzərkən ətrafdakı insanların geyimindəki detalların dörd özəlliyinə diqqət yetirin. Daha sonra bir gün keçdikdən sonra həmin dörd detalı xatırlamağa çalışın.


Bu üsul, heç şübhəsiz, yaddaşı inkişaf etdirir. Amma əgər siz beyninizi abstrakt səviyyədə məşq etdirirsinizsə – məsələn, sizin həyatınızla heç bir əlaqəsi olmayan, praktikada tətbiq etməyəcəyiniz təsadüfi şeyləri yadda saxlayırsınızsa – çox şeyi itirirsiniz. Məhz buna görə yaddaşı inkişaf etdirmək üçün nəzərdə tutulan bir çox tətbiqetmələr (aplikasiyalar) işə yaramır. Siz həyatınızla bağlı olmayan şəkilləri, səsləri, təsvirləri yadda saxlayırsınız. Beyin üçün real faydası olmayan “fitnes” motivasiya yaratmır. Bizim əcdadlarımız üçün yaddaş məşqi, məsələn, ova və ərazini xatırlamağa bağlı idi. Hələ yaxın keçmişdə belə, taksi sürücülərini yalnız maşın sürmək bacarığına görə yox, həm də bütün şəhər küçələrinin adlarını və onların necə yerləşdiyini dəqiq demək bacarığına görə işə götürürdülər. İndi isə naviqatorlar var və bu kimi sadə şeylər artıq arxaik görünür. Bu o deməkdir ki, özümüz özümüzə çətinlik yaratmalıyıq.


Məsələn, mən rəsmlə məşğulam, ona görə də rənglərin, formaların və kölgələrin maraqlı kombinasiyalarını yadda saxlamağa çalışıram. Məsələn, günbatımı zamanı ağac qabığının rəngi çox qeyri-adi görünür və onun dörd özəlliyini qeyd etmək, sonra kağız üzərində canlandırmağa kömək edir. Eyni prinsip istənilən peşəyə aiddir. Məsələn, marketoloqsunuzsa, hər hansı bir reklamda dörd detalı yadda saxlayın; gözəllik salonunda işləyirsinizsə, qonşunun makiyajındakı dörd fərqli cəhəti yada salın; yazıçısınızsa, bir kitabda istifadə olunmuş dörd orijinal epitəti qeyd edin və sair. Tədqiqatçılar bunu “passiv yaddaş məşqi” adlandırırlar, çünki konkret texnikalardan istifadə etmirsiniz, sadəcə dünyaya müşahidə apararaq diqqətinizi detallar üzərində cəmləyirsiniz.


İkinci metodikaya keçməzdən əvvəl, gözlədiyim suallarınıza cavab olaraq, guya beyninizi inkişaf etdirən mobil və veb-tətbiqetmələrdən danışım. Qısa müddət əvvəl “Lumositi” adlı Qərb nəhənglərindən biri “yaddaşı tətbiq vasitəsilə yaxşılaşdırmaq” vədi verdiyinə görə iki milyon dollar məbləğində cərimələndi.


Baxmayaraq ki, bəzi tədqiqatlar müəyyən tətbiqetmələrin diqqəti və konsentrasiyanı yaxşılaşdıra biləcəyini göstərir, digər tədqiqatlar bunu daha böyük əhali qruplarında tamamilə faydasız hesab edir. Yəni bəlkə də hansısa tətbiqlər həqiqətən maraqlıdır, amma dəqiq hansılar olduğunu demək çətindir. Odur ki, hələlik bu barədə böyük iddialara ehtiyac yoxdur; daha çox elmi məlumat əldə olunana qədər tətbiqetmələri kənara qoyaq. Üstəlik, yaddaşın məşqi çox qədim bir təcrübədir və insanlıq bu mövzuda böyük bir bilik bazası toplayıb. Elə isə keçmişə dönüb, öz təsirini sübut etmiş üsullardan istifadə edək.


İkinci metodikamız, məhz bu tərifə uyğundur. O, qədim Yunan dövründən bəri məlumdur və bu gün ondan istifadə edənlər rekordlar qırırlar. Məsələn, Marvin Volonius cəmi 50 dəqiqəyə 5040 ədəd ikili kod rəqəmini (binary code) düzgün ardıcıllıqla yadda saxlayıb. Bu üsula “yaddaş sarayı” texnikası deyilir. Necə işləyir? Gəlin özünüzə yaxşı tanış olan bir məkanı təsəvvür edin – məsələn, evinizi, məktəbinizi və ya ofisinizi. Bu məkanda bir neçə otaq var. Sizin vəzifəniz, necə həmin otaqlar arasında gəzib-dolaşdığınızı vizual təsəvvür etməkdir. Orada gəzərkən yadda saxlamaq istədiyiniz əşyaları müxtəlif yerlərdə “yerləşdirin”. Onları daha yaddaqalan etmək üçün olduqca qeyri-adi, rəngarəng, gülməli və ya qəribə formada canlandırmaq yaxşı olar. Sonda onları xatırlamaq lazım olanda, təkrar həmin məkanı gözünüzün önünə gətirir, əvvəlcədən müəyyən etdiyiniz marşrutla otaqları “gəzirsiniz”. Yenə də bu texnikanı həyatınız üçün əhəmiyyətli, önəmli olan və sizə fayda verən məsələlərdə tətbiq edəndə daha məqsədəuyğun olur. Məsələn, bu texnikadan dil öyrənmək üçün yararlana bilərsiniz – ilk dəfə o, məhz belə bir kontekstdə məşhurlaşıb.


16-cı əsrdə İtalyan rahib Matteo Ritsi (Mateo Rici) Çində çox çətin bir dil imtahanını verən ilk əcnəbi oldu (bu imtahanın çinlilər arasında belə cəmi 1%-i uğurla öhdəsindən gəlir). Sonradan məlum oldu ki, o, məhz yaddaş sarayı texnikasından istifadə edib və çinliləri də bu üsula o öyrədib. Bu sayədə, o, hətta bütün bir kitabı əzbərləyir, onu tərsinə belə oxuya bilirdi. Bizə bu dərəcədə ekstremal bacarıqlar bəlkə də lazım deyil, amma texnikanın daha ağlabatan istifadəsini tapa bilərik.


Məsələn, peşə söz ehtiyatını, sitatları, şeirləri, kitabların ən vacib məqamlarını, küçələrin adlarını, tarix və elm faktlarını və sair bu şəkildə yadda saxlamaq olar. Yəni özünüz üçün önəmi olan nələrisə seçin və bu texnikanı tətbiq etməyə başlayın. Bu barədə Kevin Horslinin “Sərhədsiz yaddaş” (ing. “Unlimited Memory”) adlı kitabında və ya linki açıqlamada verilmiş məqalədə daha geniş oxuya bilərsiniz.


Bu iki metod kifayət edər. Gəlin indi həyat tərzindən danışaq. Yaddaşın ən böyük düşməni – şəkərdir. Banan və almada olan şəkərdən yox, məhz təmizlənmiş, rafinə edilmiş, konfetlərdə, konservlərdə, şirniyyat məmulatlarında, souslarda rast gəldiyimiz şəkərdən söhbət gedir. Bu şəkər insanı sürətlə kütləşdirir. Son araşdırmaya görə, cəmi 10 dəqiqə sonra beynin düşünmə qabiliyyəti təxminən 30% azalır. Böyük əhali qrupları üzərində aparılan tədqiqatlar da eyni nəticəni verir: çox şəkər istehlak edənlərin beyin həcmi, xüsusən hipokamp ərazisi kiçik olur, yaddaşları daha zəifdir. Onlar, həmçinin, Alsheymer (Altsheymer) xəstəliyinə daha tez-tez tutulurlar və yalnız açarları harada qoyduqlarını deyil, yaxınlarının necə göründüyünü də unudurlar.


Buna görə mən rafinə olunmuş şəkəri menyudan çıxarardım və giləmeyvələri əlavə edərdim. Ən yaxşı öyrənilmiş giləmeyvələr – qaragilə və göy yabanı mersinidir; bütün tədqiqatlarda sadəcə “möcüzəvi” nəticələr göstərirlər. Məsələn, ardıcıl 12 həftə qaragilə yemək işçi yaddaşı 20% yaxşılaşdırır. Bu işdə qozun da rolu böyükdür, xüsusən də uzun müddət qəbul edildikdə uzunmüddətli yaddaşı gücləndirir. Qoz sağlam yağlarla zəngindir, amma yenə də orada beynimiz üçün lazım olan DQA (DHA) yağ turşuları yetərincə deyil; bu cür yağ turşularını ən yaxşı heyvan mənşəli mənbələrdən almaq olar.


Və əlbəttə, mən özüm olmazdım ki, meditasiya barəsində danışmayım. Təxminən on araşdırma sistematik meditasiya təcrübəsinin işçi yaddaşı yaxşılaşdırdığını inandırıcı şəkildə təsdiqləyib.

Beləliklə, artıq Tailandın paytaxtının adını və ya həyatınızın ən gözəl anlarını yadda saxlamaq üçün bütün vasitələriniz var! Uğurlar!

 
 
 

2 комментария

Оценка: 0 из 5 звезд.
Еще нет оценок

Добавить рейтинг
Гость
25 февр.
Оценка: 5 из 5 звезд.

Araşdırmanız və təqdimatınız üçün təşəkkür edirəm. Lakin təəssüf ki, məqalə ilə bağlı linki görə bilmədim((.

Лайк

Гость
09 февр.
Оценка: 5 из 5 звезд.

Əla

Лайк
bottom of page